CƏMİYYƏT
İstanbulda Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir təşkil edilib
![İstanbulda Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir təşkil edilib](/files/2024/1/1200x630/1706872325480607015_1200x630.jpg)
İstanbul, 2 fevral, AZƏRTAC
İstanbulda yerləşən Ümraniye Türk Ocaqlarında “Məhəmməd Əmin Rəsulzadə-140” və “Qarabağdan Türk dünyasına Zəngəzur perspektivində” mövzularında tədbir keçirilib. Tədbir dövlətimizin başçısının imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncama əsasən baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbir “Karabakh is Azerbaijan” Milli Platformasının (KİAMP) Türkiyə Respublikası Ümumi Koordinasiya İdarəsi, Türk Ocaqları Ümraniye şöbəsi və Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi Platformasının (AGİH) təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.
Tədbirdə Türk Ocaqları Ümraniye Şöbəsinin rəhbəri Səlim Ekşioğlu, pakistanlı politoloq Sami Ullah, Türk Ocağı Gənclik Qolları başçısı Yakup Dəmirci mövzu ilə bağlı çıxışlar ediblər.
Sonra KİAMP-nin sədri Elvin Abdurahmanlının “Qarabağdan Türk dünyasına Zəngəzur perspektivində” və “Azərbaycan Cümhuriyyətinin qurulmasında Məhəmməd Əmin Rəsulzadənin rolu” mövzularında təqdimatları olub.
M.Ə.Rəsulzadənin ictimai-siyasi, elmi fəaliyyətindən danışılan təqdimatda onun XX əsrin ilk onilliklərində Azərbaycan milli kimliyin formalaşmasında, ölkənin istiqlaliyyətində, cəmiyyətin maarifləndirilməsində, ictimai-siyasi həyatında mühüm rol oynadığı bildirilib.
“Qarabağdan Türk dünyasına Zəngəzur perspektivində” mövzulu təqdimatda Zəngəzur dəhlizinin regionda sülhün və iqtisadi sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.