İstehsalat rəhbəri: Əsas məqsədlərdən biri Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
“Accurate Az” MMC ötən il dekabrın 24-dən Xocalı şəhərində fəaliyyət göstərir. Müəssisə əsasən ofis mebelləri və onların komponentlərinin istehsalı ilə məşğuldur.
AZƏRTAC xəbər verir ki, bunu müəssisənin istehsalat rəhbəri Natiq Əmiraslanov deyib.
O bildirib ki, müəssisənin Xocalıda fəaliyyət göstərməsinin əsas məqsədlərindən biri yerli əhalinin, xüsusilə Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır:“Çalışırıq ki, əsasən yerli sakinləri işə cəlb edək. Hazırda müəssisədə 80-ə yaxın əməkdaş çalışır. İstehsal gücümüz artdıqca işçilərin sayını da artırmağı planlaşdırırıq”.
Natiq Əmiraslanov əlavə edib ki, istehsalın 60 faizinin xarici, 40 faizinin isə daxili bazara yönəldilməsi nəzərdə tutulur. “Accurate Az”, həmçinin ölkədəki digər müəssisələrin xaricdən aldığı mebel komponentlərini yerli istehsal hesabına təmin etməyi hədəfləyir.