İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 26-27-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-11°, dağlıq rayonlarda 4-8° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 9-13°, dağlıq rayonlarda 7-11° isti olacağı gözlənilir.
Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 9-14° isti olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin yanvarın 27-də axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Havanın maksimal temperaturunun 5-10° isti olacağı bildirilir.
Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, yanvarın 26-da günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək, yanvarın 27-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12° isti olacaq.