İsveçrədə orta əsrlərə aid yaraq-əsləhə tapılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Arxeoloqların İsveçrədə aşkarladıqları zirehli əlcək XIV əsrə aid edilir. Orta əsrlərdə yaşamış cəngavərin daşıdığı ehtimal olunan əlcək yaxşı vəziyyətdə qalıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, artefakt İsveçrə-Almaniya sərhədi yaxınlığında yerləşən Kiburq qəsrinin cənub-qərbində XIV əsrdə yanan orta əsrlərə aid toxuculuq zirzəmisinin xarabalıqları içində tapılıb. Qəsr Tess çayı üzərində ucalır və ölkənin ən qədim qəsr-muzeyidir.
Tədqiqatçıların ehtimalına görə, yanğına qədər bu ərazidə dəmirçi metal döyürdü. Orada 50-dən artıq metal əşya - çəkic, maşa, kəlbətin, açar və bıçaqlar aşkar ediblər. Ən sensasiyalı tapıntı isə yaraq-əsləhənin çox yaxşı vəziyyətdə qalmış əlcəyi olub.
“Bundan əvvəl İsveçrədə heç vaxt XIV əsrə aid bu dərəcədə yaxşı vəziyyətdə qalan əlcək olmamışdı. Bu əlcək kimə məxsus idi? Kiburqun dəmirçixanasında hazırlanıb, yaxud artıq döyüşdə istifadə olunub? Kantonun arxeologiyası indi bu kimi sualları araşdıracaq”, - deyə kantonun feysbukda yerləşdirilən məlumatında bildirilir.
Avropa əsgərləri və cəngavərləri XI əsrdən əlcək geyinməyə başlasalar da, rəsmi şəxslərin dediyi kimi, XV əsrədək hazırlanan əlcəklərə çox nadir hallarda rast gəlmək olar.
Bəyanata əsasən, bu yaxınlarda aşkarlanan əlcək sağ ələ geyilən dördbarmaqlı əlcəkdir. Dəmirdən hazırlanan zireh lövhəciklər balıq pulcuqları kimi bir-birinin üzərinə düzülüb. Bu cür düzülüş əlcəyin sahibinə həm müdafiə, həm də sərbəst hərəkəti təmin edib. Tədqiqatçılar komandası layihəsinin meneceri Lorena Burkhardın dediyi kimi, əldə qılınc tutan vaxt da bu əlcəyi geyinmək mümkün idi.
İsveçrədə bu “yaşda” beş başqa əlcək də tapılıb, lakin Kiburq əlcəyi o birilərindən daha yaxşı vəziyyətdə qalıb. Məlumatda deyilir ki, bu əlcəyin dizayn və naxışları da onu digərlərindən fərqləndirir. Tədqiqatçılar yaxın məsafələrdə onun sol tayının bir neçə fraqmentini də aşkar ediblər.
Mart ayının sonlarında əlcəklərin surəti Kiburq qəsrinin daimi ekspozisiyasının bir hissəsinə çevriləcək.