İsveçrədə plastik tullantıların toplanmasında poçt xidmətindən istifadə ediləcək
Bern, 12 iyun, AZƏRTAC
İsveçrə plastik qabların ən çox istehlak olunduğu ölkələr sırasında yer alır, hər il bu ölkədə adambaşına 125 kiloqram plastik tullantı düşür. Plastik tullantıların təkrar emalında da İsveçrənin vəziyyəti ürəkaçan deyil, bu materialın yalnız üçdəbir hissəsindən yenidən istifadə üçün emal olunur.
AZƏRTAC xəbər verir ki, problemin kökündə ölkədə plastik tullantıların idarə olunmasının mərkəzləşdirilmiş strategiya əsasında aparılmaması dayanır. Hər bir kantonun, hətta kiçik region və bələdiyyənin tullantıların idarə edilməsinə fərqli yanaşması dünya antirekorduna yol açan əsas səbəb kimi göstərilir. Bəzi bələdiyyələr plastik tullantılar üçün ayrıca konteynerlər quraşdırır, digərləri isə plastik tullantılar üçün başqa məişət tullantıları ilə eyni tullantı qutularını nəzərdə tutur.
Bu vəziyyəti dəyişmək üçün Bazel şəhəri yaxınlığında yerləşən Raynax bələdiyyəsində pilot layihə həyata keçiriləcək. Özəl şirkətlərdən biri qəsəbənin müxtəlif yerlərində xüsusi torbaların satışını həyata keçirir. Sakinlər bu torbalara plastik tullantıları yığaraq, onu öz poçt qutularının yanından asırlar. Hər gün müntəzəm marşrut üzrə hərəkət edən poçtalyon poçt idarəsinə geri dönərkən həmin torbaları toplayaraq tullantıları emalı müəssisəsinə çatdıracaq.
İsveçrə Federal Poçtu ilin sonunadək sınaqdan keçiriləcək bu layihəni alqışlayıb, plastik tullantıların poçt vasitəsilə toplanması ətraf mühitə müsbət təsirlə yanaşı, elektron kommunikasiya nəticəsində getdikcə daha az məktub daşıyan poçtalyonlar üçün əlavə fəaliyyət sahəsi kimi qiymətləndirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern