ELM VƏ TƏHSİL
İtaliya-Azərbaycan Dizayn Mərkəzinin fəaliyyət istiqamətləri müzakirə olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İtaliyada işgüzar səfərdə olub. Milan Texniki Universitetinin dəvəti ilə reallaşan səfərdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfər Milan Texniki Universitetinin nəzdində Dizayn Məktəbinin maddi-texniki bazası, eləcə də təhsil proqramları ilə tanışlıq məqsədi daşıyıb. Eyni zamanda, səfər çərçivəsində Milan Texniki Universitetinin dəstəyi ilə AzMİU-nun nəzdində yaradılan İtaliya-Azərbaycan Dizayn Mərkəzinin fəaliyyət istiqamətləri də müzakirə olunub.
Səfərin ilk günü Milan Texniki Universitetinin rəsmiləri, dizayn məktəbinin və departamentinin rəhbərləri, professor-müəllim heyəti ilə görüşlər keçirilib, universitetin icraçı prorektoru, professor Donatella Sciutto AzMİU-nun nümayəndə heyətini Dizayn Məktəbinin kampusu ilə tanış edib. Səfərin növbəti günlərində Milan Texniki Universitetinin professorları Silviya Piardi, Mauro Cecconello, Anna Şunbrodt dizayn mərkəzi və ikili diplom proqramları üzrə bakalavr hazırlığı haqqında təqdimatlarla çıxış edib, bu istiqamətdə fikir mübadiləsi aparıblar.
Milan Texniki Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Maria Pereqo, memarlıq fakültəsinin dekanı Laura Migistrali və fakültənin professoru Nona Lombardini ilə keçən növbəti işgüzar görüşdə birgə layihələrin icrası, Avropa İttifaqının “Erasmus” layihələrində tərəfdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb. Səfərin sonunda universitetlər arasında əməkdaşlığın perspektivləri yenidən nəzərdən keçirilib, ikili diplom proqramı ilə bağlı atılacaq növbəti addımlar müzakirə olunub.
Nümayəndə heyətimiz Milan Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.