İtaliya parlamentində Baş nazir Cüzeppe Konteyə etimad votumu keçiriləcək
Roma, 15 yanvar, AZƏRTAC
İtaliyada hökumət koalisiyası süquta uğradıqdan sonra Baş nazir Cüzeppe Konte üçün “zamana qarşı yarış” başlayıb. Hökumət rəhbəri növbəti həftəyədək parlamentdə onu dəstəkləyən deputat və senatorların sayını artırmalıdır.
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də bitərəf hüquqşünas Cüzeppe Kontenin İtaliya Parlamentində çıxışı nəzərdə tutulub. Müzakirələrdən sonra deputatlar hökumətə etimadla bağlı səsvermə keçirəcəklər. Etimad votumunun Senatda da keçirilməsi gözlənilir.
Parlamentdəki çıxışından əvvəl isə C. Konte həftəsonunu siyasi məsləhətləşmələr üçün istifadə etmək istəyir. Parlamentdə təmsil olunan siyasi qüvvələr və ayrı-ayrı parlamentarilər ilə aparılacaq danışıqlarda Baş nazir parlamentdə səs çoxluğuna nail olmaq üçün özünə tərəfdarlar qazanmalıdır. Koalisiyalı hökumətdə təmsil olunan “Viva İtalia” Partiyasının hökuməti tərk etməsindən sonra C. Konteyə aşağı palatada azı 25, Senatda isə 18 səs lazımdır. Yalnız bu halda koalisiyalı hökumətin parlamentdə səs çoxluğu təmin olunacaq.
Hazırki hökumət böhranının əsas səbəbkarı, “Viva İtalia” Partiyasının rəhbəri Matteo Renzi isə “La Stampa” qəzetinə verdiyi müsahibədə səsvermədə bitərəf qalacağını açıqlayıb. O deyib: “Əgər Konte Senatda 161 səs əldə edə bilməsə, o zaman ölkədə Baş nazirin iştirak etmədiyi yeni hökumət yaradılmalıdır. Demokratiya budur və demokratiya müqəddəsdir”.
C. Kontenin qarşısında duran əsas hədəf parlamentdə heç bir siyasi qüvvəni təmsil etməyən müstəqil nümayəndələrin etimadını qazanmaqdır. Siyasi jarqonda “məsuliyyətlilər” adlanan bu parlamentarilər hökuməti tərk edən M. Renzi tərəfdarlarının yerini doldurmalıdırlar. Ötən aylarda öz partiyalarını müxtəlif səbəblərdən tərk etmiş parlamentarilərin C. Konteyə müvafiq dəstəyə zəmanət verəcəkləri və həmin dəstəklə hazırkı pandemiya böhranında sabit hökumət kursunu davam etdiriləcəyi böyük sual doğurur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma