İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ROMANO PRODİYƏ
İtaliya Respublikası Nazirlər Şurasının Sədri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı münasibətlərin dostluq, qarşılıqlı anlaşma və etimad ruhunda inkişafına xüsusi əhəmiyyət veririk. Bu zəmində istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlarda səmərəli əməkdaşlığımız böyük məmnunluq doğurur.
Xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunda ölkənizin fəaliyyətini, tutduğu mövqeyi, təcavüzə məruz qalmış Azərbaycanın ərazi bütövlüyünün İtaliya tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk.
Qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında işgüzar münasibətlərimizin əhatə dairəsinin daim genişlənməsini, xüsusən də Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli enerji layihələrində İtaliyanın yaxından iştirakını razılıqla qeyd edərdim. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, eləcə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın bütün sahələrdə inkişafı üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizinlə görüşlərimizi, apardığımız müzakirələri və fikir mübadiləsini həmişə xoş təəssüratla xatırlayıram. Fürsətdən istifadə edərək, Sizi münasib bildiyiniz vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 may 2006-cı il.