İtaliyada polis əməkdaşını qətlə yetirən iki amerikalı həbs olunub
Bakı, 27 iyul, AZƏRTAC
Roma yaxınlığında italyan polis əməkdaşını qətlə yetirən iki amerikalı həbs olunub. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, 19 yaşlı iki ABŞ vətəndaşı polis əməkdaşı Mario Serciello Reqanı qətlə yetirib.
İtaliya polisinin yaydığı bəyanatda qeyd olunur ki, ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərindən olan gənclər gecə vaxtı qarətlə məşğul olublar. İtaliya paytaxtının mərkəzində yerləşən otellərin birində qalan qatillər Roma yaxınlığında yerləşən Pratidə qarət və dava-dalaş törədərkən onlara mane olmaq istəyən polislə əlbəyaxa olublar və Mario Serciello Reqanı soyuq silahla qətlə yetiriblər. Qatillər hadisə yerindən qaçıblar, lakin kamera görüntüləri və şahid ifadələri sayəsində onları tez bir zamanda yaxalamaq mümkün olub. Polis amerikalı gənclərin qaldıqları oteldə axtarış aparıb. Məlumatda qeyd olunur ki, cinayətkarlar ölkəni tərk etmək istəyirmişlər. Otel otağında axtarış zamanı məharətlə gizlədilmiş qətlin törədildiyi bıçaq, habelə qana bulaşmış paltar maddi sübut kimi götürülüb. Qatilləri isə dəmir yolu stansiyasında həbs ediblər. Onlardan birinə qarşı qəsdən adamöldürmə, digərinə isə qarət ittihamı irəli sürülüb.