İtaliyada sənaye istehsalının səviyyəsi pandemiyadan öncəki səviyyəyə çatıb
Roma, 12 iyun, AZƏRTAC
İtaliya Milli Statistika İdarəsinin məlumatına əsasən, ölkədə sənaye istehsalının səviyyəsi pandemiyadan öncəki səviyyəyə çatıb. Qeyd edilib ki, apreldə sənaye istehsalının indeksi martla müqayisədə 1,8 faiz artıb.
AZƏRTAC xəbər verir ki, son beş ayda sənaye istehsalının ümumi həcmində artan temp sayəsində göstəricilər 2020-ci ilin fevral ayındakı səviyyəyə qalxıb.
Sənaye istehsalında dirçəlmə müşahidə olunmasına baxmayaraq, müəssisələr pandemiya dövründə Şərqi Avropa ölkələri ilə sərhədlərin bağlanmasından əziyyət çəkirlər. İtaliyanın sənaye müəssisələrini öz sıralarında birləşdirən İtaliya Sənaye Konfederasiyasından (Confindustria) “Corriere della Sera” qəzetinə verilən açıqlamada bildirib ki, sənaye ilə yanaşı turizm və digər sektorlarda çalışan mövsümi işçilərin çatışmazlığı ölkə iqtisadiyyatı üçün fəsadlar yaradır. Ölkənin müxtəlif regionlarında qastronomiya və turizm sahələrində işçi qüvvəsi çatışmazlığını yaxın müddətdə aradan qaldırmaq mümkün olmayacaq, çünki bu sahələrdə işləyənlərin bir hissəsi pandemiya dövründə başqa iş yerləri tapıblar və həmin boşluğu doldurmaq üçün yeni işçi qüvvəsinə ehtiyac yaranıb.
Konfederasiyadan bildirilib ki, sərt karantin rejimi və ağır iqtisadi böhranla mübarizə aparmalı olan ölkə sənayesi müsbət inkişaf tendensiyasından yararlanmalıdır. Bunun üçün işçi qüvvəsi və dövlət dəstəyi əsas amillər sırasında yer alır.
Qeyd edək ki, İtaliyada sənaye istehsalı təxminən 2 trilyon avro həcmə malik ümumdaxili məhsulun 21,4 faizini təşkil edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma