İtaliyalı ekspert Rafael Marketti: İtaliyanın enerji təhlükəsizliyində Azərbaycan əsas rol oynayır
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Cənub Qaz Dəhlizində iştirakı ilə İtaliyanın enerji təhlükəsizliyində əsas rol oynayır.
Bu barədə AZƏRTAC-a müsahibəsində beynəlxalq məsələlər üzrə italiyalı ekspert Rafael Marketti bildirib.
O deyib: “Bu dəhliz Xəzər qazının birbaşa Avropaya çatdırılmasına imkan verir, enerji mənbələrinin şaxələndirilməsini asanlaşdırır və ənənəvi təchizatçılardan asılılığı azaldır”.
Ekspertin sözlərinə görə, Avropanın aparıcı iqtisadiyyatlarından biri olan İtaliya üçün Azərbaycandan sabit və etibarlı qaz tədarükü böyük əhəmiyyət kəsb edir.
Bundan başqa, Marketti qeyd edib ki, bu layihə çərçivəsində əməkdaşlıq ikitərəfli əlaqələri gücləndirir və hər iki ölkənin enerji sektorlarına investisiyaları stimullaşdırır.
“Xüsusilə daha təmiz və dayanıqlı enerji mənbələrinə keçidi nəzərə alsaq, Azərbaycanın İtaliyanın enerji balansında rolu gələcəkdə yalnız arta bilər. Beləliklə, Cənub Qaz Dəhlizi həm İtaliyaya, həm də Azərbaycana fayda verən strateji layihədir”,- deyə italiyalı ekspert sözlərinə yekun vurub.