İynəyarpaqlı ağacların quruması quraqlıq stresi ilə əlaqədardır
Bakı, 29 mart, AZƏRTAC
İynəyarpaqlı ağacların quruması təkcə Azərbaycanda deyil, dünyanın digər dövlətlərində də qeydə alınır. Son üç ildir ki, Bakı şəhərində və Abşeron yarımadasında şam ağaclarının quruma hallarını müşahidə edirik. Həm yerli, həm də xarici ekspertlər tərəfindən ərazilərə baxış keçirilib və şam ağaclarının quruma səbəbləri araşdırılıb. Quruma son illərdə müşahidə olunan quraqlıq stresi ilə əlaqədardır. Quraqlıq stresi və dövrü keçirən şam ağacları müxtəlif zərərvericilərə yoluxurlar. Bunun da səbəbi odur ki, quraqlıq stresindən sonra həmin bitkilərin həyat qabiliyyəti düşür. Xüsusən də biz bunu yaşlı ağaclarda daha çox görürük.
AZƏRTAC xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
“Bakı şəhərində ötən əsrin 60-70-ci illərində kütləvi şəkildə şam əkinləri həyata keçirilib. Həmin ağaclara daha çox zərər verən qabıqyeyən böcəkləri və şam yastıcasıdır. Məlumdur ki, şam ağacları qatran ifraz edir. Əgər ağacın həyat qabiliyyəti normaldırsa, bu zaman o, qatran ifraz etməklə həşəratlardan özünü qoruyur. Ancaq zəifləmiş ağaclar həmin qatranı ifraz edə bilmirlər, nəticədə qabıqyeyən böcəklər çox rahatlıqla qabıqdan ağacın oduncağına daxil olur, sonra isə floema qatını zədələyirlər. Nəticədə ağacda maddələr mübadiləsi pozulur, fotosintez prosesində alınan üzvi maddələri kök hissəyə ötürə bilmir, kökdən suyu və digər üzvi, qeyri-üzvi, mineral maddələri alıb yerüstü hissəyə keçirə bilmir. Getdikcə quruma halları baş verir. Yay aylarında üç-dörd həftə ərzində kütləvi yoluxmuş ağaclarda quruma halları müşahidə edilir. Bunun qarşısını almaq üçün ağaclara doğru-düzgün aqrotexniki qulluq göstərmək, vaxtlı-vaxtında suvarmaq lazımdır. Son illərdə yağıntılar azalıb. Dekabr, yanvar, fevralda yağıntıların az, martda isə çox olması, yəni yağıntıların qeyri-bərabər paylanması ağacların quraqlıqdan zərər çəkməsi ilə nəticələnir. Bu da onların belə xəstəlik və zərərvericilərlə sirayətlənməsinə səbəb olur”, - deyə V.Fərzəliyev qeyd edib.