İYUNUN 14-DƏ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ İŞƏ QƏBULLA BAĞLI VƏ SƏHİYYƏ NAZİRLİYİNDƏ HƏKİMLƏRƏ İXTİSAS DƏRƏCƏSİ VERİLMƏSİ ÜÇÜN TEST İMTAHANLARI KEÇİRİLƏCƏK
İyunun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı və Səhiyyə Nazirliyində həkimlərə ixtisas dərəcəsi verilməsi üçün test imtahanları keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, test imtahanlarında iştirak etmək üçün 384 nəfər qeydiyyatdan keçmişdir. Onlardan 67 nəfəri Səhiyyə Nazirliyi, 317 nəfəri isə Xarici İşlər Nazirliyi tərəfindən qeydə alınmışdır.
Ərizələrin qəbulu Səhiyyə və Xarici İşlər nazirliklərində aparılmışdır. Qəbul haqqında elan KİV-də verilmiş və adı çəkilən nazirliklərin rəsmi internet səhifələrində yerləşdirilmişdir.
Xarici İşlər Nazirliyinə 2005-ci ildən etibarən işə qəbul müsabiqə əsasında həyata keçirilir. Bir neçə mərhələ üzrə aparılan müsabiqənin birinci mərhələsi müxtəlif istiqamətlər üzrə keçirilən test imtahanından ibarətdir: Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər istiqamətləri üzrə imtahanda namizədlərə 120 sualdan ibarət test tapşırığı təqdim olunacaqdır. Həmin sualların 80 faizinə doğru cavab verən namizədlər test imtahanında müvəffəqiyyət əldə etmiş olacaqlar.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən həkimlərə ixtisas dərəcəsi verilməsi üçün attestasiya iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və Attestasiya Komissiyası ilə müsahibə.
Həkimlərə ixtisas dərəcəsinin verilməsi üçün test imtahanı cərrahiyyə, terapiya, mama-ginekologiya, pediatriya istiqamətləri üzrə keçirilir.
İmtahan iştirakçılarına 100 sualdan ibarət test kitabçası təqdim olunacaqdır. Müsabiqənin növbəti mərhələsinə buraxılmaq üçün 60 suala doğru cavab vermək tələb olunur.
İmtahanın nəticələri TQDK-nın rəsmi internet səhifəsində (www.tqdk.gov.az) yerləşdiriləcəkdir.