Jurnalistlər Azərbaycanın bölgələrində gedən inkişaf proseslərini ardıcıl işıqlandırırlar
Mingəçevir, 22 iyul (AZƏRTAC). İyulun 22-də milli mətbuatımızın 139-cu ildönümü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirildi.
AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzdülər.
Görüşdə milli mətbuatımızın yaranma tarixindən, inkişaf yollarından, qazandığı nailiyyətlərdən söz açıldı. Müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq Mingəçevirdə gedən abadlıq və yenidənqurma işləri barədə yazılar dərc edildiyi vurğulandı.
Tədbirdə Mingəçevirdə sənaye parkının yaradılması, təhsildə qazanılan uğurlar, şəhər xəstəxanasının, məktəblərin, uşaq bağçalarının təmiri, su-kanalizasiya sisteminin yenidən qurulması, eləcə də jurnalistlərin bəzi problemləri vaxtında qabartması barədə də danışıldı.
Azərbaycan mətbuatının 139 illik şanlı yoluna nəzər salan görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin və Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə KİV-in inkişafına daim diqqət və qayğı göstərmələrindən söhbət açdılar.
Sonda bir qrup jurnalistə fəxri fərman təqdim olundu.