Kaliforniya universitetində Azərbaycana dair mühazirə dinlənilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San-Dieqo Dövlət Universitetinin dəvəti ilə həmin universitetdə keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin nümayəndələrinin və mütəxəssislərin iştirak etdikləri konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yüksək texnologiyalar üzrə müzakirələr aparılıb.
N.Ağayev Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi inkişafın bu gün uğurla davam etdiyini vurğulayan baş konsul ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda xarici sərmayələrin yatırılması üçün əlverişli şəraitin yaradıldığını və ölkəmizin infrastrukturunun və coğrafi mövqeyinin böyük regional bazarlara çıxış imkanı verdiyini bildirən diplomat Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul ötən il açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji önəmini qeyd edərək, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb. Şimal-Cənub nəqliyyat dəhlizi haqda da danışan baş konsul bütün bu layihələrin nəticəsində Azərbaycanın dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcəyini diqqətə çatdırıb.
Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqalayihələrdən kənarda qaldığını diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, məhz bu yarıtmaz siyasətin nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra bir milyondan çox əhalisini itirərək, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. N.Ağayev bildirib ki, işğalçılıq siyasətindən əl çəkməyincə Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür.
Sonda baş konsul konfrans iştirakçılarının suallarını cavablandırıb.