Kanada mətbuatı: Azərbaycanlı gənci azadlıqdan məhrum edən Ermənistana ar olsun!
Bakı, 12 may, AZƏRTAC
Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Azərbaycanlı gənci azadlıqdan məhrum edən Ermənistana ar olsun!” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi, jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə Ermənistan hakimiyyətinin sirki xatırladan məhkəmədən sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına yeni çağırılmış 18 yaşlı yeniyetmə, girovluqda saxlanılan əsgər Aqşin Bəbirovu başqa azərbaycanlı əsgər Hüseyn Axundovla birlikdə əlverişsiz hava şəraitində yolunu azaraq Ermənistan ərazisinə keçdiynə görə 11 il 6 ay 15 gün azadlıqdan məhrum etdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Ermənistan hakimiyyətinin insanlığa zidd qəddarlığı əsgər davamlı olaraq işgəncə və psixoloji təzyiqlərə məruz qaldıqdan sonra törədilib. Üç övlad anası olduğunu qeyd edən müəllif həddi-buluğa çatmış gənc, heç 20 yaşa adlamamış Aqşin Bəbirovun bütün həyatının qarşıda olduğu halda, ona qarşı edilmiş bu cinayətdən keçirdiyi acını dilə gətirib, beynəlxalq ictimaiyyətin tədbir görmədiyi təqdirdə, Ermənistan həbsxanasından çıxanadək azərbaycanlı əsgərin gəncliyinin ən gözəl illərinin ondan oğurlanacağını dərin təəssüflə qeyd edib. İsrailli politoloq bəyan edib ki, Ermənistan hakimiyyəti günahsız gəncə etdiyi amansızlığa görə utanmalıdır.