Kapital Bazarı üzrə Təlim Mərkəzi KİV nümayəndələri üçün seminar təşkil edib
Bakı, 6 iyun, Xatirə Cəfərova, AZӘRTAC
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzı iyunun 6-da “Forex Bazarı” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri üçün seminar təşkil edib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində təşkil olunub.
Seminar qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində keçirilib.
Mərkəzin təlimçisi, "İnvest.az" şirkətinin nümayəndəsi Samir Әsədov maliyyə bazarları, birjaların növləri, Valyuta Birjası, bazarda iştirak motivləri, bazar iştirakçıları və onların fəaliyyəti haqqında danışıb. Eyni zamanda, “Valyuta Birjası (FX Market)”, “Marjinal ticarət”, “Alış və satış əməliyyatları”, “Analiz metodları", "Fundamental və texniki təhlil” və digər mövzular barədə məlumat verib.
Sonda fəal iştirakı və yüksək maliyyə savadı ilə fərqlənən KİV nümayəndələrinə sertifikatlar təqdim olunub.