Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin etimadlı və dinamik inkişafının göstəricisidir – ŞƏRH
Bakı, 7 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri bir daha təsdiqləyir ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycan əsas tərəfdaşlardan biridir. Azərbaycansız regionda davamlı təhlükəsizlik, enerji əməkdaşlığı və uzunmüddətli sabitlik strategiyasının formalaşdırılması mümkün deyil. Avropanın Cənubi Qafqaza marağı getdikcə artır və bu kontekstdə Azərbaycanla siyasi və iqtisadi dialoqun genişləndirilməsinə xüsusi önəm verilir. Kaya Kallasın səfəri Aİ-Azərbaycan münasibətlərinin etimadlı və dinamik inkişafının göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı- ekspert Xalid Kərimli bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq son illər daha da inkişaf edərək strateji tərəfdaşlıq mərhələsinə keçməkdədir.
“Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Xüsusilə Cənub Qaz Dəhlizi Azərbaycan–Avropa əməkdaşlığında mühüm rol oynayır. Hazırda Azərbaycanın neft və qaz ixracında əsas bazar Avropadır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsinin reallaşması Azərbaycandan Avropaya daha çox qaz nəqlinə imkan yaradacaq. Bu isə həm ölkənin valyuta gəlirlərinin artmasına, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da güclənməsinə səbəb olacaq.
Azərbaycan–Aİ əməkdaşlığının digər mühüm istiqamətlərindən biri isə Orta Dəhlizdir. Orta Dəhliz Avropa ilə Çin arasında ticarət əlaqələrinin inkişafında strateji əhəmiyyət daşıyır. Bu marşrut inkişaf etdikcə Azərbaycanın Çin–Avropa, Mərkəzi Asiya–Avropa və Azərbaycan–Avropa ticarət əlaqələrində rolu daha da artacaq. Nəticədə, ölkəmiz enerji resursları ilə yanaşı, mühüm tranzit və logistika mərkəzi kimi də mövqeyini gücləndirəcək”,- deyə o bildirib.
X.Kərimlinin sözlərinə görə, əməkdaşlığın üçüncü əsas komponenti isə son illər xüsusi aktuallıq qazanan yaşıl enerji sahəsidir: “2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həmin ilin dekabrında isə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Avropa Komissiyası arasında Qara dənizin dibi ilə elektrik və kommunikasiya xətlərinin çəkilməsini nəzərdə tutan daha bir memorandum imzalanıb. Bu layihə vasitəsilə Azərbaycanın yaşıl enerjisinin Avropaya ixracı təmin ediləcək. Sözügedən istiqamət gələcək Azərbaycan–Aİ əməkdaşlığının əsas prioritetlərindən biri kimi qiymətləndirilir. Azərbaycan alternativ enerji istehsalına ciddi investisiyalar yatırır və bu sahəni strateji prioritet hesab edir. Bundan əlavə, Avropa İttifaqı ticarət, investisiya və texnologiya sahələrində də Azərbaycanın mühüm tərəfdaşlarından biridir”.