İQTİSADİYYAT
Keçən il Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən vaqonları yuyulub
![](/files/galleryphoto/2021/1/1200x630/16107142101093222518_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16107142104980146985_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16107142106269150994_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malik Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 2020-ci ildə rekord sayda çən vaqonları yuyulub. Bununla da, dəmir yolu vasitəsilə neft və neft məhsullarının fasiləsiz və təhlükəsiz nəql edilməsi təmin edilib.
“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında ötən il ümumilikdə 10 min 917 ədəd çən vaqonu yuyulub. Bu, 2019-cu illə müqayisədə 87 faiz artım deməkdir. 2019-cu ildə bu göstərici 5818 olub. Həmçinin keçən il yuyulan vaqonların sayı ayda orta hesabla 850-950 arasında, ondan əvvəlki il isə 450-550 arasında dəyişib. Ən yüksək göstərici isə ötən ilin sentyabrında qeydə alınıb. Həmin ay 1417 çən vaqonu buxarla yuyularaq istismara hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, yuyulan vaqonlarının sayının artması, Yuyucu-Buxarlayıcı stansiyada aparılan yenidənqurma işləri nəticəsində tətbiq edilən müasir texnologiyaların sayəsində mümkün olub. Burada aparılan yenidənqurma işlərindən sonra stansiyada bütün proseslər tam avtomatlaşdırılıb.
Bununla yanaşı, koronavirus pandemiyası şəraitində stansiyanın işinin səmərəli təşkili üçün “ADY Express” MMC tərəfindən burada xüsusi iş rejimi təşkil edilib. Stansiyada növbəli iş rejimi tətbiq olunub, vaxtlı-vaxtında dezinfeksiya işləri aparılır. Bununla da, şirkət Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin təhlükəsiz şəraitdə həyata keçirilməsinə öz töhfəsini vermiş olur.