“KEÇİD İQTİSADİYYATI ÖLKƏLƏRİNDƏ AUDİTİN İNKİŞAF PROBLEMLƏRİ” BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSININ İŞTİRAKÇILARINA
Sizi Bakıda “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.
Qeyd etmək xoşdur ki, auditorların bu mötəbər məclisi “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 10-cu ildönümünə həsr olunmuşdur. Ölkədə milli auditin təşəkkülü və inkişafı üçün hüquqi baza olan bu Qanunun qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasında və bazar infrastrukturları sistemində auditə verdiyi qiymətin parlaq təzahürüdür. Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində ötən illərdə Azərbaycanda milli audit sisteminin formaşlaşması və inkişafı üçün hüquqi-normativ baza yaradılmış, iqtisadiyyatın dinamik inkişafında auditin rolu əhəmiyyətli dərəcədə artmışdır.
Bu gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.
Bizim açıq və informasiyalı cəmiyyət qurmaq istəyimiz həyatın bütün sahələrində demokratik prinsiplərin, şəffaflığın təmin olunmasını, məlumatların dəqiq və mötəbər olmasını zərurətə çevirir. Bu da auditorların üzərinə böyük vəzifələr qoyur, dünya təcrübəsini, ilk növbədə də keçid iqtisadiyyatı ölkələrinin təcrübəsini öyrənib, yerli şəraitə uyğunlaşdırmaqla tətbiq etməyi ön plana çıxarır.
Zənnimcə, bu mənada sizin konfrans auditorların işgüzar əməkdaşlığının genişləndirilməsi işində mühüm rol oynayacaq, ölkələrimizdə audit xidmətinin gələcək inkişafı baxımından faydalı olacaqdır.
Bir daha sizə xoş arzularımı bildirir və konfransın işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2004-cü il.