Keçmiş məcburi köçkünlər uzun illər həsrətini çəkdikləri doğma yurdlarında yaşamağı səbirsizliklə gözləyirlər
Qaçqınkomun sədri işğaldan azad olunmuş rayonların sakinləri ilə görüş keçirib
Bakı, 12 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə görüş keçirib.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüş əsnasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbənin məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, o yerlərin ən abad, müasir tələblərə cavab verən yaşayış sahələrinə çevrilməsi üçün ardıcıl tədbirlər icra edilir. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi komitə qarşısına qoyulmuş mühüm tapşırıqlardan biridir.
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər arasında sorğu keçirildiyi, onların mütləq əksəriyyətinin doğma yurda qayıtmaq istədiyi xatırladılıb.
Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, məcburi köçkünləri maraqlandıran suallar cavablandırılıb.
Səmimi görüşə görə minnətdarlıq edən sakinlər uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb orada yaşamağı səbirsizliklə gözlədiklərini, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.