KƏMƏR MÜHARİBƏSİNDƏ SİLAHLANMA YARIŞI
AZƏRTAC xəbər verir ki, Avstriyada nəşr olunan nüfuzlu “FURXE” qəzetində Volfqanq Maksrayskın “Kəmər müharibəsində silahlanma yarışı” sərlövhəli məqaləsi dərc edilmişdir. Məqalədə Azərbaycanın “Nabukko” layihəsinin gerçəkləşməsinə hər cür dəstək verməkdə, öz təbii qaz ehtiyatlarının Avropaya nəqlində və Avropanın enerji təhlükəsizliyində maraqlı olduğu qeyd edilir.
Müəllif yazır ki, “Nabukko” kəməri Avropanı Rusiyanın enerji asılılığından azad etməlidir. Lakin Moskva özünün “Cənub axını” layihəsi ilə bunun əleyhinə çıxır.
Yazıda deyilir ki, dünya şöhrətli italyan bəstəkarı Cüzeppe Verdi yaradıcılığının şedevri olan “Nabukko” operasında ekstremal gərginliyi, romantik həyəcanı ilə qəlbləri titrədən xor səhnəsindəki məşhur partiyada insanlarıın əbədi xoşbəxtlik və azadlıq arzularının təntənəli əks-sədası ucalır: “Uçun, vüsal duyğuları, xoş düşüncələrlə dolu azad, xoşbəxt yaşadığınız tarlalara enin!”
Bu gün isə dünya siyasət və mediasının gündəmində duran ən ümdə mövzulardan biri “Nabukko” adı daşıyan boru kəməri layihəsidir. Avropanı Rusiyanın enerji asılılığından xilas etmək məqsədilə ortaya qoyulan bu layihə mavi yanacağın Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. 3300 kilometr uzunluğunda bu təbii qaz kəməri Xəzər hövzəsindən Vyanaya qədər uzanacaqdır. Layihənin ən böyük üstünlüyü isə onun Rusiya ərazilərindən yan keçməklə çəkilməsidir.
Müəllif xatırladır ki, Rusiyanın sərt qış aylarında Ukrayna və Qərbi Avropaya qaz verilməsini dayandırmaqla bu dövlətləri təhdid etməsi hələ də yaddaşlardan silinməyib. Bir dövlətdən total enerji asılılığı təhlükəlidir, buna alternativlərin olması isə zəruridir.
ABŞ-ın Hadson İnstitutunun Avrasiya siyasəti üzrə mərkəzinin direktoru Zeyno Baran kəmərin əhəmiyyətini belə qiymətləndirir: “Nabukko” vacibdir, çünki Rusiya tərəfindən nəzarət edilməyən qazı Avropa bazarına gətirir”. Bu fikri ABŞ-ın Vyanadakı səfirliyində təşkil olunmuş videokonfransda səslənmiş “Rusiya enerji bazarından siyasi alət kimi istifadə edir” cümləsi ilə davam etdirən müəllif yazır ki, ABŞ bu sahədə Rusiya ilə rəqabət apara bilmir. Rusiyanın güc mərkəzləri artıq dünyanın iri qaz konsernlərindən olan “Qazprom”un rəhbərini ölkə prezidentliyinə gətirmişdir.
Mövzu ilə bağlı Rusiyanın Baş naziri Vladimir Putindən, Konrat-Adenauer Fondunun Rusiya üzrə mütəxəssisi Haynrix Şvabexerdən sitatlar gətirən müəllif qeyd edir ki, “Nabukko” layihəsinin reallaşmasına daha bir dəstək bu kəmərin öz başlanğıcını götürməli olduğu ölkədən - Azərbaycandan gəlmişdir. “Mən əminəm ki, “Nabukko” tikiləcək, çünki bu Azərbaycan və Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir, həm də ABŞ-ın bu kəmərin çəkilməsinə böyük marağı vardır”. Bu fikirləri “FURXE” ilə telefon müsahibəsində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirmişdir. O demişdir ki, “Cənub axını” “maraqlı ideya”dır. Amma “Nabukko” daha real layihədir.
E.Nuriyev Azərbaycandan başlanan və artıq tikilib istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə əsaslanaraq demişdir: “Azərbaycan bu iki layihənin reallaşması ilə göstərdi ki, o, nəinki beynəlxalq geosiyasi əhəmiyyətli layihələrin iştirakçısı ola bilər, həm də onun oyun qaydalarını da müəyyən edə bilər”.
Müəllif məqaləsini aşağıdakı cümlə ilə bitirir: E.Nuriyevin “Nabukko”nun hansı məqsədlə tikilməsi və onun əhəmiyyəti ilə bağlı qəti bir arqumenti vardır: “Biz monopoliyaya mane olmalıyıq, çünki bu, bütün sahələrdə həmişə rəqabəti azaldır, təhlükə riskini artırır. Bu, enerji sektoru kimi birinci dərəcəli sahədə xüsusilə yolverilməzdir”.
######
