KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ SALYANDA REGİONAL MÜŞAVİRƏ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublika Kənd Təsərrüfatı Nazirliyi avqustun 15-də Salyanda taxıl və taxıl məhsulları qalığını və payızlıq toxum ehtiyatlarını araşdırmaq məqsədi ilə regional müşavirə keçirmişdir.
Neftçala, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı və Sabirabad rayonları icra hakimiyyəti nümayəndələrinin və iş adamlarının qatıldığı tədbirdə yerlərdəki vəziyyət öyrənilmiş, fikir mübadiləsi aparılmışdır.
Müşavirədə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti xidmətinin rəisi, respublikanın Baş Dövlət Fitosanitar müfəttişi Məmmədəli Dünyamalıyev çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında ölkə başçısının nitqindən irəli gələn prioritet məsələləri vurğulamışdır. Natiq göstərmişdir ki, ölkədə taxıl qıtlığı problemi yoxdur və belə bir problem gözlənilmir.
Müşavirədə deyilmişdir ki, tədbirdə təmsil olunan rayonların taxıl toxumlarına illik tələbatı təxminən 25 min ton həcmindədir. İndiyədək cəmisi 5 min ton toxum fondu yaradılması ciddi gerilikdir və ən qısa müddətdə aradan qaldırılmalıdır. Baş Dövlət Fitosanitar müfəttişi diqqəti özəl toxumçuluq təsərrüfatları yaradılmasının, mükəmməl aprobasiya xidmətləri aparılmasının vacibliyinə yönəltməklə toxumçuluğun gəlirli biznes sahəsi olduğunu da söyləmişdir.
Salyan Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi Sabir Rəhmanov regionda yaradılan toxumçuluq təsərrüfatlarının fəaliyyət istiqamətləri, uğurları və problemləri barədə məlumat vermişdir.
Müşavirədə çıxış etmiş rayonların icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, iş adamları özəl topdansatış bazaları yaradılması, aqrolizinq xidmətinin genişləndirilməsi və bir sıra digər məsələlərlə bağlı fikirlərini bölüşmüşlər.