Atletika üzrə Azərbaycan çempionatı start götürüb
Bakı, 12 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının (ATF) birgə təşkilatçılığı əsasında keçirilən atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İdman Akademiyasının stadionunda gerçəkləşən tədbirdə öncə idmançıların paradı baş tutub.
ATF-nin vitse-prezidenti Könül Nurullayeva sayca 97-ci dəfə keçirilən ölkə çempionatının qarşıdakı beynəlxalq turnirlərə hazırlıq baxımından həm federasiya, həm də idmançılar üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, bu yarışların Balkan Oyunları, Avropa çempionatı kimi turnirlərə seçim xarakteri daşıdığını və digər yarışlar üçün isə hazırlıq mərhələsinin vacib hissəsi olduğunu deyib. Çempionatda 135-dən çox atletin mübarizə apardığını vurğulayan K.Nurullayeva idmançıların yarışa ciddi hazırlaşdıqlarını vurğulayıb. ATF rəsmisi idmançıların ən yaxşı nəticələri nümayiş etdirəcəklərinə və gözləntiləri doğruldacaqlarına inandığını söyləyib.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Azərbaycan çempionatında milli komandanın aparıcı üzvləri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrindən olan ən güclü atletlər mübarizə aparırlar. Yarışa iyunun 13-də yekun vurulacaq.
Fotoqraf - Nicat Haşımov