Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda komitə sədri Musa Quliyev gündəliyə bir məsələnin - Mənzil Məcəlləsində və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik olunması barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini bildirib.
Komitə sədri qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədinin işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlərin mənzil təminatının və mülkiyyət hüquqlarının daha səmərəli şəkildə tənzimlənməsi olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, layihəyə əsasən, “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaradılır və həmin fonda daxil edilən yaşayış sahələri məcburi köçkünlərin daimi məskunlaşdırılması, həmçinin onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaq.
Qeyd edilib ki, təklif olunan dəyişikliklər məcburi köçkünlərin uzunmüddətli sosial müdafiəsinin təmin edilməsinə, onların mülkiyyət hüquqlarının tam bərpasına və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın formalaşdırılmasına xidmət edəcək.
Müzakirələrdə Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, komitənin üzvləri Vüqar Bayramov, Əziz Ələkbərov, Jalə Əliyeva və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
Sonra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.