Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır
Bakı, 12 iyun, AZƏRTAC
Türkiyənin yerləşdiyi region və bütün dünya İkinci Dünya müharibəsindən sonra ən kritik hadisələri yaşayır.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ədirnə əyalətində ictimaiyyət qarşısında çıxışı zamanı deyib. “Regionumuz və bütün dünya İkinci Dünya müharibəsindən sonra ən kritik hadisələrin şahidi olur. Hakim partiya olaraq, Türkiyəni bu oddan qorumağa çalışırıq. Hazırda bir böhran həll olunmadan digərinin başladığı dövrdəyik. Raket və bomba səslərinin uşaqların fəryadını boğduğu günləri yaşayırıq”, - deyə dövlət başçısı bildirib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Qara dənizdə problemlər davam edərkən Şərqi Aralıq dənizində yeni planlar hazırlanır və yeni oyunlar oynanılır.
“Heç kim sabah nə baş verəcəyini və ya silahların harada atılacağını təxmin edə bilməz. Gördüyünüz kimi, Rusiya-Ukrayna müharibəsi bitməmiş bölgəmiz İrana hücumların ağır iqtisadi nəticələrinin bədəlini ödəyir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.