REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ege Universitetinin rektoru Necdet Budakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında ikili diplom proqramının gedişatı barədə fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Nazirin sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.
Görüşdə yüksəkixtisaslı mütəxəssislər hazırlayan, ali təhsil məkanında xüsusi yeri və çəkisi olan Ege Universiteti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Ege Universitetinin rektoru Necdet Budak öz növbəsində ali təhsil müəssisəsinin maddi-texniki bazası, əmək bazarı üçün mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, universitetdə aparılan elmi-tədqiqatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Tərəflər ikili diplom proqramı əsasında kadr hazırlığı məsələsini ətraflı müzakirə edib, təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın aqrar sektorun inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.