REGİONLAR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI OLMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda nazir İrşad Əliyev çıxış edərək bu sənədi möhtərəm Heydər Əliyevin işləyib hazırladığı sosial-iqtisadi inkişaf strategiyasının davamı kimi qiymətləndirmişdir. O demişdir: 1995-ci ildən başlayaraq ardıcıl şəkildə həyata keçirilən tədbirlər, o cümlədən aqrar islahatlar sayəsində ölkə iqtisadiyyatı dirçəlmiş, xüsusilə makroiqtisadi göstəricilər artmış, sahibkarlığın təməli qoyulmuş, kənddə mülkiyyət forması dəyişmiş, özəl təsərrüfatlar təşəkkül tapmış, əhalinin rifahının yüksəlməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara dövlət qayğısının güclənməsi istiqamətində mühüm addımlar atılmışdır. Hazırda respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının 99,3 faizi özəl bölmədə istehsal olunur. Son 5 ildə kartof istehsalı 3 dəfə, tərəvəz istehsalı 2 dəfə, bostan məhsulları istehsalı 6 dəfə, meyvə istehsalı 30 faiz, ət və süd məhsulları istehsalı müvafiq olaraq 51 və 30 faiz artmışdır. Artıq Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən bu məhsulları ixrac edən ölkəyə çevrilmişdir.
Fərmanda aqrar sahədə islahatların ikinci mərhələsinin uğurla həyata keçirilməsi üçün konkret tapşırıqlar verilmişdir. Kənd Təsərrüfatı Nazirliyi və onun struktur bölmələri bu tapşırıqlarla bağlı təkliflər, xüsusilə toxumçuluq və damazlıq müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün layihə hazırlayaraq əlaqədar təşkilatlara təqdim etmişlər. Aqroservis mərkəzlərinin yaradılması barədə göstərişə də əməl olunacaqdır. Artıq 500-1000 hektar əkin sahəsinə xidmət göstərə biləcək özəl aqroservis müəssisələrinin yaradılması, topdansatış bazasının təşkili layihəsini və onun iqtisadi əsaslandırmasını hazırlamışıq.
Kollegiyada nazirliyin müvafiq şöbələrinin, ərazi kənd təsərrüfatı idarələrinin rəhbərləri, alimlər çıxış edərək məlum fərmanın aqrar sahənin inkişafında mühüm rol oynayacağını vurğulamış, təklif və tövsiyələrini vermişlər.
Tədbirin sonunda fərmandan irəli gələn vəzifələr, xüsusilə regionların inkişafı ilə bağlı nazirliyin müvafiq şöbələrinə, ərazi Kənd Təsərrüfatı İdarələrinə, Regional Aqrar Elm Mərkəzlərinə konkret tədbirlər planı və təklifləri hazırlayıb həyata keçirmək tapşırılmışdır.