Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının iştirakı ilə Tovuz şəhərində, Bərdə, Balakən və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonlarında sahibkarlarla görüşlər keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, heyvandarlıq və kənd təsərrüfatı sahələrini əhatə edən görüşlərdə ümumilikdə 110-a yaxın sahibkar və fermer iştirak edib.
Görüşlərdə sahibkarlar kənd təsərrüfatı və heyvandarlıq sahələrində mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiyaların qeydiyyatı, lizinq yolu ilə texnikaların satışı, güzəştli kreditlər, aqrar sığorta barədə məlumatlandırılıb, əkin sahələrində məhsuldarlığın artırılmasına, təsərrüfatların təbii fəlakətlərdən ziyan çəkməməsi üçün qabaqlayıcı tədbirlərə, fermerlərin çətinliklərinə və təkliflərinə dair fikir mübadiləsi aparılıb, aidiyyəti qurumların nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıb.