Keniyalı jurnalist: WUF13-də şəhərsalma və yenidənqurma təcrübələri geniş maraq doğurur VİDEO
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox yüksək səviyyədə təşkil olunub. Təhlükəsizlik tədbirlərindən başlayaraq, iştirakçıların forum məkanlarına rahat çıxışına qədər bütün proses peşəkar şəkildə qurulub. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələrinin və forumda iştirak edən dünya liderlərinin səsləndirdiyi mesajlar olduqca təsirlidir. Lakin əsas məsələ bu çağırışların və qəbul edilən qərarların gələcəkdə real şəkildə icra olunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən keniyalı jurnalist Elizabet Kanini bildirib.
O qeyd edib ki, Azərbaycan şəhərsalma sahəsində topladığı təcrübə ilə tədbir iştirakçıları üçün maraqlı nümunədir. “Xüsusilə infrastrukturun yenilənməsi, müasir şəhərsalma layihələri və davamlı inkişaf istiqamətində həyata keçirilən təşəbbüslər diqqət çəkir. “Black City”dən “White City” layihəsinə keçid, eləcə də müharibədən sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri bunun bariz nümunəsidir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan həm BMT, həm də digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində öz təcrübəsini başqa ölkələrlə paylaşa, bilik mübadiləsinə töhfə verə və müxtəlif layihələrin maliyyələşdirilməsinə dəstək göstərə bilər.