Rəşad Əzizov: Azərbaycanda yaradıcı sənayelərin inkişafı yeni layihələrlə sürətlənir
Bakı, 19 may, AZƏRTAC
Yaradıcı şəhərlər şəbəkəsi təxminən 10 il əvvəl formalaşmağa başlasa da, son 3 ildə bu istiqamətdə inkişaf daha sürətli olub. Hazırda yaradıcı sənayelərin dəstəklənməsi üçün yeni alətlər kimi qiymətləndirilən geniş layihələr şəbəkəsi mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada söyləyib.
O, hazırda Azərbaycanda bir neçə dövlət və özəl yaradıcı məkan və mərkəzlərin fəaliyyət göstərdiyini deyib: "Yaxın dövrdə rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün nəzərdə tutulan "Yaradıcı çardaq", "Azərbaycanfilm" kinostudiyasında yaradılacaq gənc və müasir kinematoqrafçılar üçün "Yaradıcı Kino Mərkəzi" kimi yeni təşəbbüslərin inkişafı planlaşdırılır. Bu layihələr yaradıcı icmaların daha sistemli şəkildə dəstəklənməsi və mövcud infrastrukturun yeni məzmunla aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.