WUF13 çərçivəsində şəhər idarəçiliyində açıq məlumatların rolu müzakirə olunub
Bakı, 19 may, AZƏRTAC
WUF13 çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəstəyi ilə keçirilən “Məlumatdan tətbiqə: Şəhərlərin və investorların praktik şəhər məlumatları ilə gücləndirilməsi” adlı panel sessiyada şəhər inkişafında məlumatların əlçatanlığı və tətbiqi imkanları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Sahibkarlıq, Kiçik və Orta Biznes, Regionlar və Şəhərlər Mərkəzində “Geoməkan Lab”-ın rəhbəri Claudia Baranzelli bildirib ki, müasir şəhər həyatı artıq böyük həcmdə məlumat yaradır. Onun sözlərinə görə, insanlar gündəlik olaraq taksi tətbiqləri, naviqasiya sistemləri və rəqəmsal kommunikasiya platformalarından istifadə etməklə davamlı data axını formalaşdırırlar.
“Bu gün əsas problem artıq məlumatın yaradılması deyil. Əsas məsələ həmin məlumatların əlçatan, interoperabel, praktik və real qərarvermə prosesləri üçün istifadəyə yararlı olmasıdır”, – deyə K.Baranzelli vurğulayıb.
O qeyd edib ki, sessiyada məlumat istehsalı ilə real tətbiq arasında körpünün qurulmasına yönəlmiş praktiki yanaşmalar təqdim olunur. Tədbirdə şəhər inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, investisiya imkanlarının aşkarlanması, risklərin qiymətləndirilməsi və layihələrin sürətləndirilməsi üçün məlumatlardan istifadəyə dair konkret nümunələr müzakirə edilib.
Sessiya çərçivəsində OECD-nin yenilənmiş yerli məlumat portalının təqdimatı da keçirilib.
K.Baranzelli bildirib ki, yeni platforma şəhərlər və investorlar üçün daha geniş analitik imkanlar yaradacaq.
Panel müzakirələrində Almaniya Şəhərlər Assosiasiyasının şəhərsalma, tikinti, mənzil və nəqliyyat departamentinin rəhbəri, professor Hilmar fon Luyevski, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Sahibkarlıq, Kiçik və Orta Biznes, Regionlar və Şəhərlər Mərkəzinin İqtisadi Təhlil, Statistika və Çoxsəviyyəli İdarəetmə şöbəsinin rəhbəri Rudiger Ahrend, Azərbaycanda fəaliyyət göstərən “AZGREEN mühəndislik və ətraf mühit xidmətləri” şirkətinin direktoru Mirəli Rəhimov, həmçinin Avropa Kosmik Agentliyinin məsafədən müşahidə məlumatlarının tətbiqi üzrə eksperti Françeska Lisa Leonelli iştirak ediblər.
Qeyd edək ki, WUF13 çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfindən dayanıqlı şəhər inkişafı, iqlim dayanıqlılığı, mənzil siyasəti və məlumatəsaslı şəhər idarəçiliyinə həsr olunmuş bir sıra tədbirlər təşkil ediləcək.