Anaklaudia Rossbax: Qlobal mənzil böhranının həlli QHT-lərsiz mümkün deyil VİDEO
Bakı, 19 may, AZƏRTAC
Şəhərsalma və mənzil siyasətləri müxtəlif tərəflərin birgə iştirakı ilə formalaşdırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax söyləyib.
“Şəhərsalma planları iştirakçılıq prinsipləri əsasında hazırlanmalı, yerli səviyyədə müxtəlif sektorları bir araya gətirən idarəetmə mexanizmləri qurulmalıdır. Yerli və milli səviyyələr arasında koordinasiya təmin edilməli, vətəndaş cəmiyyəti, akademik dairələr, icma təşkilatları və özəl sektor qərar qəbuletmə prosesinə cəlb olunmalıdır”, – deyə o bildirib.
A.Rossbax Azərbaycanın milli şəhərsalma forumunda iştirakından məmnunluğunu da ifadə edib. “Mən Azərbaycanın yenidənqurma prosesində icmaların və müxtəlif tərəflərin fəal şəkildə cəlb olunduğunu görməkdən çox məmnun oldum”, – deyə o diqqətə çatdırıb.
O əlavə edib ki, QHT-lərin iştirakı olmadan qlobal mənzil böhranının həlli mümkün deyil. “300-dən çox təşkilatı birləşdirən koalisiyanı təmsil etdiyinizi bilirəm və demək istəyirəm ki, bizə sizin iştirakınız lazımdır. Yeni Urban Gündəliyinin 2016-cı ildə Kito şəhərində qəbulundan sonra görülən işlərin qiymətləndirilməsi prosesində də sizin rolunuz vacibdir”, – deyə A.Rossbax vurğulayıb.