Qazaxıstanlı iştirakçı: Belə forumlar məhz yeni ideyaların tapılması baxımından əvəzsizdir
Bakı, 19 may, AZƏRTAC
Bu cür forumlar tərəfdaşlıq və əməkdaşlığa güclü təkan verir. Burada müxtəlif şirkətlər toplaşır, biz öz ideya və həllərimizi bölüşürük. Bu, çox faydalı bir təcrübədir və Astana bu növ təmaslardan aktiv şəkildə bəhrələnir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Astana Şəhərinin Urbanistika Mərkəzinin nümayəndəsi Bəxtiyar Bekenov deyib.
Əvvəllər digər konfranslarda da iştirak etdiklərini vurğulayan B.Bekenov bildirib: "Bəlkə də tam olaraq urbanistika istiqamətli deyil, amma onunla əlaqəli tədbirlərdə olmuşuq. Biz şəhərin landşaft master-planlarının və müxtəlif layihələrin işlənib hazırlanmasına xarici ekspertləri cəlb edirdik. Beləliklə, Astana dünyanın ən yaxşı ideyalarını toplamağa və onları bizim reallıqlara uyğunlaşdırmağa çalışır. Axı bizim küçələrin profili, iqlimimiz və öz xüsusiyyətlərimiz fərqlidir. Buna baxmayaraq, belə forumlar məhz təzə ideyaların, yeni təmasların və faydalı əlaqələrin tapılması üçün əvəzsizdir", - deyə qazaxıstanlı iştirakçı əlavə edib.