WUF13 iştirakçısı: Dayanıqlı şəhərlərin qurulmasında yaşıl enerji əsas rol oynayır VİDEO
Bakı, 19 may, AZƏRTAC
WUF13 tədbiri müxtəlif akademik dairələrin, hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti üzvlərinin şəhərlərimizin gələcəyi ilə bağlı müzakirələr aparılması üçün gözəl bir platformadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Birləşmiş Millətlər Təşkilatının Universitetinin aparıcı tədqiqatçısı Lukas De Karvalho Turmena deyib.
O bildirib ki, davamlı və dayanıqlı şəhərlərin formalaşdırılmasının əsas şərtlərindən biri bu sahədə bütün tərəflərin iştirakı ilə geniş müzakirələrin aparılmasıdır.
“Davamlı inkişafın təmin edilməsində yaşıl enerji mühüm rol oynayır. Yaşıl enerjiyə keçid qlobal istiləşmənin qarşısını almaq, ekosistemi qorumaq və iqlim dəyişikliyinin fəsadlarını minimuma endirmək üçün ən effektiv yoldur”, - deyə o əlavə edib.