Adil Karaismailoğlu: WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunun göstəricisidir
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi dəyərlər və qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Dövlət başçıları arasındakı yüksəksəviyyəli münasibətlərin əməkdaşlığın bütün sahələrdə inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Komitə sədri, həmçinin WUF13-ün Türkiyənin şəhərsalma və regional inkişaf sahəsində təcrübəsinin əhəmiyyətinə toxunaraq təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Adil Karaismailoğlu göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin “bir millət, iki dövlət” prinsipi üzərində qurulduğunu vurğulayıb. Qonaq Bakıda keçirilən WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycanın ev sahibliyi ilə keçirilən belə mötəbər beynəlxalq tədbirlərin ölkəmizin artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olduğunu bildirib.
Komitə sədri Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan yenidənqurma və müasir şəhərsalma işlərini yüksək qiymətləndirib. O, həmçinin Zəngəzur dəhlizi və Orta Dəhliz layihələrinin region ölkələri arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Digər çıxış edənlər isə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıblar.