WUF13 çərçivəsində UN-Habitat və "Alwaleed Philanthropies" arasında tərəfdaşlıq sazişi imzalanıb
Bakı, 19 may, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində əlilliyi olan şəxslər üçün inklüziv mənzil təminatını inkişaf etdirmək məqsədilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və "Alwaleed Philanthropies" arasında tərəfdaşlıq sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişin məqsədi əlilliyi olan şəxslər üçün inklüziv və davamlı mənzil həllərini inkişaf etdirməkdir.
Tunisin texniki təchizat və mənzil naziri Salah Zuari qeyd edib ki, bu razılaşma ölkəsində inklüziv şəhərsalma planlaması, əlçatan mənzil dizaynı və fərdiləşdirilmiş mənzil həlləri vasitəsilə adekvat mənzil şəraitinə çıxışı yaxşılaşdırmağa yönəlmiş pilot layihəni dəstəkləyir.
"Alwaleed Philanthropies"in Qlobal təşəbbüslər üzrə icraçı meneceri Reem Mallawi təşəbbüsün regionda inklüziv mənzil yanaşmalarını gücləndirmək üçün potensialın artırılmasını və siyasət dəstəyini təşviq edəcəyini vurğulayıb.
UN-Habitat-ın Tunis Ofisinin rəhbəri Aida Robbana bu razılaşmanın davamlı və inklüziv şəhərlər üçün əlilliyi olan şəxslərin mənzil əlçatanlığını və psixi rifahına müsbət təsir edəcəyini bildirib.
UN-Habitat-ın Ərəb Dövlətləri üzrə Regional Ofisinin regional direktoru Rania Hedeya isə qeyd edib ki, tədbir təcrübə mübadiləsi aparmaq və inklüziv mənzil təminatında tətbiq oluna bilən yanaşmaları vurğulamaq üçün ideal platformadır.