Youssef Hosni: Bakı gələcəyə yönəlmiş və tamamilə yenilənmiş bir şəhəri təcəssüm etdirir
Bakı, 19 may, AZƏRTAC
WUF13 şəhərsalma və mənzil ekosisteminin bütün iştirakçılarını bir yerə toplayan beynəlxalq platformadır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Mərakeşin Milli Ərazilərin Planlaşdırılması, Şəhərsalma, Mənzil Təminatı və Şəhər Siyasəti Nazirliyinin Baş katibi Youssef Hosni deyib.
O bildirib ki, bu tədbir üçün Azərbaycanın paytaxtı Bakının seçilməsi mükəmməl bir seçimdir. Çünki Bakı, gələcəyə yönəlmiş bir baxış və qabaqcıl planlaşdırma ilə tamamilə yenilənmiş bir şəhəri təcəssüm etdirir. Bu yanaşma bizə tarixi irsin, eləcə də digər ölkələr üçün nümunə ola biləcək yeni və müasir yaşayış sahələrinin bir arada mövcud olduğu bu gözəl şəhəri bəxş etməyə imkan verib.
Baş katib ümidvar olduğunu bildirib ki, bu sessiya qlobal müstəvidə mənzil çatışmazlığını azaltmağa kömək edəcək, burada dünyanın bütün ölkələri üçün faydalı ola biləcək tövsiyələr veriləcək.