Heydər Məmmədov: Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasına dəstəyi davam edəcək
Bakı, 19 may, AZƏRTAC
Mayın 18-19-da Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) mənzil-qərargahının yerləşdiyi Niderland Krallığının Haaqa şəhərində assosiasiyanın Baş katibi Roel Dona və qurumun digər vəzifəli şəxsləri ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Roel Dona səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, Azərbaycan Prokurorluğunun assosiasiyanın fəaliyyətinə verdiyi töhfə və göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin 2024-cü ildə Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının yüksək səviyyədə təşkil olunduğunu və digər üzv qurumlar üçün nümunə hesab edildiyini vurğulayıb.
Heydər Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq prokurorluq orqanlarında beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu yanaşma hüququn aliliyinin möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizə sahəsində qəbul olunan dövlət proqramları və milli strategiyalarda da öz əksini tapıb.
Görüş zamanı Azərbaycan Prokurorluğu ilə assosiasiya arasında uzun illərə söykənən əməkdaşlıq münasibətlərinin formalaşdığı diqqətə çatdırılaraq bildirilib ki, Azərbaycan Prokurorluğu qurumun 2002, 2018 və 2024-cü illərdə İcraiyyə Komitəsinin iclaslarına, eləcə də 2024-cü ildə BPA-nın İllik İclas və Ümumi Yığıncağına uğurla ev sahibliyi edib.
Baş prokurorun müavini assosiasiyaya dəstəyin bundan sonra da davam edəcəyini vurğulayaraq, 2026-cı ilin noyabr ayında Riyad şəhərində keçiriləcək BPA-nın 31-ci İllik İclas və Ümumi Yığıncağının yüksək səviyyədə təşkilinə ölkəmizin dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüş çərçivəsində, həmçinin bu il iyunun 2-4-də assosiasiyanın yeni təyin olunmuş baş müşaviri Tarika Jayaratnenin rəhbərlik edəcəyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.