Amerika Memarlar İnstitutunun prezidenti: WUF13-ün əsas üstünlüyü praktik icra mexanizmlərinə fokuslanmasıdır
Bakı, 19 may, AZƏRTAC
“Bakı Ağ Şəhər” layihəsi keçmiş sənaye ərazilərinin yenidən canlandırılması və şəhərlərin regenerasiyası baxımından nümunəvi təşəbbüsdür. XX əsrdən miras qalan sənaye və “brownfield” (əvvəllər sənaye, istehsalat və ya kommersiya məqsədilə istifadə olunmuş, sonradan tərk edilmiş və ya funksiyasını itirmiş ərazilərə deyilir. Bu torpaqlar çox vaxt ekoloji çirklənməyə məruz qalır və yenidən istifadədən əvvəl bərpa tələb edir - red.) ərazilərinin transformasiyası müasir şəhər inkişafının əsas istiqamətlərindən biridir.
Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Amerika Memarlar İnstitutunun (AIA) 2026-cı il üzrə prezidenti, COP30 nümayəndə heyətinin rəhbəri, memar və urbanist İlya Azaroff deyib.
“Bakı Ağ Şəhər” layihəsi şəhərləri necə yenidən bərpa etməli olduğumuzu göstərən əla nümunədir. Bu cür layihələr icmaların bərpa olunması, insanların bir araya gətirilməsi və yeni urbanistik imkanların yaradılması baxımından çox önəmlidir. Düşünürəm ki, digər şəhərlər də Bakıda həyata keçirilən işlərdən öyrənə bilər”, - deyə İlya Azaroff vurğulayıb.
İlya Azaroff qeyd edib ki, hazırda dünya memarlıq və şəhərsalma sahəsində regenerativ dizayn prinsiplərinə keçid edir və bu prosesdə mənzil məsələsi xüsusi əhəmiyyət daşıyır.
“Hər bir insanın təhlükəsiz, layiqli və əlçatan yaşayış yeri əldə etmək haqqı var. Dünyada milyardlarla insan qeyri-rəsmi yaşayış məntəqələrində və ya sağlamlıq və təhlükəsizlik standartlarına cavab verməyən şəraitdə yaşayır. Bu baxımdan WUF13-ün əhəmiyyəti olduqca böyükdür”, - deyə o bildirib.
İ.Azaroff Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əsas üstünlüyünün praktik icra mexanizmlərinə fokuslanması olduğunu diqqətə çatdırıb.
“Bir çox konfranslarda yalnız razılaşmalar və maliyyələşmə müzakirə olunur. Burada isə real həyata keçirilən layihələri görürük. Bu, dünyaya daha yaxşı şəhərlər qurmağın mümkün olduğunu göstərir”, - deyə AIA prezidenti əlavə edib.
Bakıda ikinci dəfə olduğunu bildirən İlya Azaroff şəhərin memarlıq simasını və mədəniyyətini yüksək qiymətləndirib. “Bakı çox gözəl şəhərdir. İlk səfərim zamanı mətbəx, mədəniyyət, tarixi irs və müasir memarlığın harmoniyası məni heyrətləndirmişdi. Tarixə hörmətlə yanaşaraq yeniliyi birləşdirmək hər şəhərə nəsib olmur”, - deyə o qeyd edib.