Azərbaycanda şəhər nəqliyyatı və dəmir yolu sistemlərində süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanda dövlət xidmətlərində istifadə üçün Azərbaycan dilli böyük dil modelinin hazırlanması istiqamətində işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) “BTİ - Beynəlxalq Telekommunikasiya İttifaqı - Şəhərlər üçün süni intellekt - Şəhərsalma və “ağıllı”, davamlı icmaların qurulması” adlı iclasında çıxışı zamanı deyib.
Samir Məmmədov bildirib ki, Milli Süni İntellekt Mərkəzi və akademiyası aparıcı qurumlarla əməkdaşlıq çərçivəsində süni intellekt həllərinin hazırlanması və idarə olunması üzrə peşəkar kadrların yetişdirilməsinə çalışır.
Nazir müavininin sözlərinə görə, ölkədə rəqəmsal infrastrukturun gücləndirilməsi süni intellektəsaslı xidmətlərin tətbiqi üçün mühüm baza formalaşdırılır.
“Hazırda Azərbaycanda fiber-optik internet şəbəkəsi üzrə demək olar tam əhatə təmin edilib və ən ucqar kəndlərdə belə yüksəksürətli bağlantı mövcuddur. Genişzolaqlı internet, dövlət bulud sistemləri və data mərkəzləri gələcəkdə “Ağıllı şəhər” və “Ağıllı icma” layihələrinin əsas dayaqlarından biri olacaq.
Azərbaycanda şəhər nəqliyyatı və dəmir yolu sistemlərində süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsinin planlaşdırıldığını deyən nazir müavini bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində rəqəmsal əkiz (“digital twin”) texnologiyası vasitəsilə şəhər mobilliyi layihələrinin əvvəlcədən virtual mühitdə sınaqdan keçirilməsinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib: “Bu yanaşma yol hərəkətinin optimallaşdırılması, yanacaq sərfiyyatının və emissiyaların azaldılması baxımından mühüm rol oynayacaq. “Azərbaycan Dəmir Yolları” QSC-də süni intellektəsaslı həllər vasitəsilə lokomotivlərdən, sensorlardan və siqnalizasiya sistemlərindən əldə olunan məlumatlar analiz ediləcək. Bu isə proqnozlaşdırılan texniki xidmət, yükdaşımaların daha səmərəli planlaşdırılması və şəbəkə imkanlarının artırılmasına şərait yaradacaq. “Bakı Metropoliteni” QSC-də də süni intellekt analitikası vasitəsilə sərnişin axınının idarə olunması, texniki nasazlıqların öncədən müəyyən edilməsi və stansiyalarda təhlükəsizliyin gücləndirilməsi istiqamətində işlər nəzərdə tutulur”.