Tanınmış bəstəkar Firəngiz Əlizadənin musiqisi müxtəlif qitələrdə səslənir
Bakı, 19 may, AZƏRTAC
Türk musiqiçilərindən ibarət “LAGOM” kvarteti müasir bəstəkarların əsərləri ilə Avropanın müxtəlif şəhərlərində böyük uğurla çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, təqdim olunan əsərlər sırasında Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Firəngiz Əlizadənin musiqisi xüsusi yer tutur.
Artıq Fransanın Paris, Belfort şəhərlərində konsertlər baş tutub, həmçinin Niderlandın bir neçə şəhərində də Amsterdam, Rotterdam, Utrecht konsertlər keçirilməyə başlanıb.
Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğam sayağı”, “Rəqs”, “Oasis” əsərləri “LAGOM” kvartetinin ifasında səslənir və bu əsərlər Avropa dinləyicilərinin daim böyük marağına səbəb olur.
Həmçinin Kaliforniyanın şəhərlərində Los-Angeles, Sacramento, San Jose, San Diego, Beverly Hills 12 parlaq musiqiçidən ibarət Amerikanın “CAMARADA” ansamblının qastrol səfərləri başa çatıb. Onlar müasir musiqinin iki görkəmli nümayəndəsinin üslubunu birləşdirən “Philip Glass – Franghiz Ali-Zadeh” adlı olduqca maraqlı proqram təqdim ediblər. Konsert proqramında Firəngiz Əlizadənin müxtəlif alətlərin tərkibləri üçün yazılmış bir sıra əsərləri - “Oyan!” (Parisdə keçirilən VIII beynəlxalq violonçel müsabiqəsi üçün sifariş olunmuş əsər), “Rəqs”, “Atəş”, eləcə də heç vaxt aktuallığını itirməyən “Muğam sayağı” səsləndirilib. Bu əsərin Amerikanın “KRONOS” kvartetinin ifasında səsyazısı vaxtilə “Grammy Awards” mükafatına layiq görülmüşdür.