Naxçıvanın sosial-iqtisadi inkişaf göstəriciləri açıqlandı - investisiyalar 23 faiz artıb
Naxçıvan, 19 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf üzrə əsas makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən 4 ayda muxtar respublikada ümumi daxili məhsul istehsalı 514,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 3,7 faiz artıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60,9 milyon manat olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artım qeydə alınıb.
Sənaye sahəsində də artım dinamikası davam edib. Sənaye məhsulu istehsalının həcmi 178,3 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb. Sənaye məhsulu istehsalında malların istehsalının payı 85,4 faiz, xidmətlərin istehsalının payı isə 14,6 faiz olub.
Yanvar-aprel aylarında muxtar respublikada 2 milyon 272 min 500 ton yük daşınıb, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb. Eyni dövrdə sərnişin daşınması 0,9 faiz artımla, 15 milyon 174 min 500 nəfər təşkil edib.
Xarici ticarət dövriyyəsinin həcmi 47,1 milyon ABŞ dolları olub. Bunun 42,6 milyon dolları idxalın, 4,5 milyon dolları isə ixracın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4 faiz artıb.
Kənd təsərrüfatı məhsulu istehsalı üzrə də müsbət dinamika müşahidə olunub. Məhsul istehsalının həcmi 63,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artım deməkdir. Bu göstəricinin 4,4 milyon manatı bitkiçilik, 59,0 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşüb.
Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən hesabat dövründə verilmiş kreditlərin həcmi 2,5 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.
Müxbir- Nail Əsgərov