Musadik Məsud Maliki: Enerji keçidinin əsas məqsədi ləyaqətli və inklüziv həyatın təmin olunmasıdır
Bakı, 19 may, AZƏRTAC
Enerji və iqlim dəyişikliyi sahəsində qlobal çağırışlar fonunda dayanıqlı enerji keçidi insan mərkəzli inkişaf üçün əsas istiqamətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistan İslam Respublikasının İqlim Dəyişikliyi və Ətraf Mühitin Əlaqələndirilməsi üzrə Federal naziri Dr. Musadik Masood Malik “D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, enerji sistemləri yalnız iqtisadi artımın deyil, həm də insanların gündəlik həyatının, mobilliyinin, dolanışıq imkanlarının və sosial rifahının əsas dayaqlarından biridir.
“Bərpaolunan enerji inqilabı şəhərlərin dayanıqlı inkişafını sürətləndirən mühüm transformasiya mərhələsidir. Ölkələrdə mövcud olan Günəş, külək və su kimi təbii resurslar enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Enerji keçidi təkcə texnoloji dəyişiklik deyil, eyni zamanda, sosial ədalət və insan rifahına xidmət edən qlobal transformasiya prosesidir. Bu prosesin əsas məqsədi insanların ləyaqətli həyat şəraitinə çıxışını təmin etməkdir. Ləyaqətli həyat anlayışı mənzil təminatı, elektrik enerjisinə çıxış, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı kimi əsas sosial ehtiyacların təmin olunması ilə müəyyən edilir. Dünyada milyardlarla insanın adekvat mənzil şəraitindən məhrum olması şəhərsalma və enerji siyasətlərində daha inklüziv yanaşmaların tətbiqini zəruri edir və dayanıqlı enerji keçidi məhz bu məqsədə xidmət etməlidir”, - deyə Musadik Masood Malik qeyd edib.