Avropa Parlamenti alman deputata qarşı maliyyə fırıldaqçılığı ilə bağlı təhqiqatın qarşısını alıb
Berlin, 19 may, AZƏRTAC
Avropa Parlamenti Almaniyanın Xristian-Sosialistlər İttifaqının (CSU) sədr müavini və deputatı Angelika Nibler barəsində aparılması nəzərdə tutulan maliyyə fırıldaqçılığı ilə bağlı təhqiqatı hələlik dayandırıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Strasburqda keçirilən gizli səsvermədə deputatların əksəriyyəti Avropa Prokurorluğunun A.Niblerin deputat toxunulmazlığının ləğvi ilə bağlı müraciətinin əleyhinə səs verib. Səsvermə zamanı müraciətin lehinə 309, əleyhinə isə 283 deputat səs verib, 53 nəfər isə bitərəf qalıb.
Qərar Avropa Parlamentinin Hüquq Komitəsinin tövsiyəsi əsasında qəbul olunub. Komitə iş üzrə əsas şahidin – A.Niblerin keçmiş əməkdaşının prokurorluğa siyasi motivlərlə məlumat vermiş ola biləcəyini ehtimal edib.
Avropa Prokurorluğu siyasətçinin Strasburq və Brüssel səfərləri ilə bağlı ezamiyyə xərclərinin kompensasiyasını qaydalara zidd şəkildə tələb edib-etmədiyini araşdırmaq niyyətində idi. Bundan başqa, bəzi assistentlərin parlament fəaliyyəti ilə əlaqəsi olmayan işlərə cəlb edildiyi barədə iddialar da araşdırmaya daxil edilib. Sənədlərdə Aİ vəsaiti hesabına maaş alan assistentlərdən birinin yalnız A.Niblerin partiyadaşına və keçmiş deputata xidmət göstərdiyi barədə şübhələrin olduğu qeyd edilir.
A.Nibler isə ittihamları əsassız adlandıraraq, mediada yayılan məlumatlarla bağlı hüquqi addımlar atmaq hüququnu özündə saxladığını bildirib. 1999-cu ildən Avropa Parlamentinin üzvü olan siyasətçi hazırda CDU/CSU fraksiyasının həmsədridir.