UNEP rəsmisi: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyi ilə yanaşı, urbanizasiya ilə də əlaqəlidir
Bakı, 19 may, AZƏRTAC
Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 6 santimetr azalır və bu, artıq ciddi narahatlıq doğuran məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş katibinin köməkçisi və icraçı direktorunun müavini Elizabeth Maruma Mrema "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.
Vurğulanıb ki, bu proses yalnız iqlim dəyişiklikləri ilə bağlı deyil, eyni zamanda, urbanizasiya ilə də əlaqəlidir. Qeyd olunub ki, şəhərlərin və urban ərazilərin genişlənməsi təbii resursların azalmasına və tədricən yox olmasına səbəb olur.
O, həmin dəyişikliklərin kənd təsərrüfatı istehsalına da təsir göstərdiyini, meşə sahələrinin azalmasının yağıntıların miqdarını aşağı saldığı, bunun isə iqlim dəyişikliklərini daha da sürətləndirdiyi bildirilib.
Vurğulanıb ki, bütün bu proseslər bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir: “Ətraf mühit sərhəd tanımır və baş verən dəyişikliklər həssas icmalara, turizm sektoruna və ümumilikdə region iqtisadiyyatına təsir edir".