WUF13-də media sessiyası: Beynəlxalq ekspert jurnalistlərə şəhərsalma mövzularının işıqlandırılmasından danışıb
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün xüsusi təlim sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim Londonda şəhərsalma sahəsində fəaliyyət göstərən, “Urban Solutions” jurnalını təmsil edən jurnalist Laura Puttkamer tərəfindən təqdim olunub.
Təlim çərçivəsində Laura Puttkamer iştirakçıları həllyönümlü jurnalistikanın prinsip və təcrübələri ilə tanış edib. O, həmkarlarına yalnız problemə yönəlmiş reportajlardan uzaqlaşmağa çağırıb və tənqidi dərinliyi itirmədən, şəhər problemlərinin necə həll edildiyini işıqlandıran əsaslandırılmış, sübutlara söykənən hekayələr hazırlamağından söz açıb.
"Yəni, söhbət sadəcə “bu əladır, möhtəşəmdir, onlar bir uşaq meydançası tikiblər” deməkdən getmir. Bu, yalnız xoş emosiyalar yaradan bir hekayə deyil. Əsas məsələ həmin meydançanın niyə tikildiyini, ictimai iştirakçılığın bu prosesə necə təsir etdiyini, bunun şəhər üçün niyə vacib olduğunu, layihənin necə maliyyələşdirildiyini araşdırmaqdır. Məhz bundan sonra bu, jurnalist araşdırmasına çevrilir", - Laura Puttkammer qeyd edib.
Sonra Puttkamer həllyönümlü jurnalistikanın əsas prinsipləri və onların şəhər kontekstində necə tətbiq olunacağı barədə məlumat verib. Vurğulayıb ki, şəhər həllərini əhatə edən hekayə dörd sütun (reaksiya/həll yolu, sübut, məhdudiyyətlər, anlayışlar) əsasında hazırlanmalıdır.
“Həllyönümlü jurnalistlər olaraq məqsədimiz konstruktiv və eyni zamanda tənqidi materiallar təqdim etməklə insanları maarifləndirməkdir. Söhbət oxucuları, siyasətçiləri və həmin materialları oxuyacaq icmaları məlumatlandırmaq və onları gücləndirməkdən gedir" - deyə, Laura Puttkammer əlavə edib.
Qeyd edək ki, Laura Puttkammer şəhərsalma sahəsində geniş araşdırma təcrübəsinə malikdir və Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını aktiv şəkildə işıqlandırıb.
Qlobal şəhərsalma və planlaşdırma sahəsində magistr dərəcəsi olan jurnalist Almaniya, Efiopiya, Hindistan, və Meksikada yaşayıb və çalışıb. O alman, ispan və fransız dillərində fəaliyyət göstərir.