Bu gün ASAN vətəndaş məmnuniyyəti üzrə 99 faizdən yüksək göstərici nümayiş etdirir
Bakı, 21 may, AZƏRTAC
Bu gün dünya şəhərləri sürətli urbanizasiya, iqlim dəyişikliklərinə qarşı həssaslıq, bərabərsizlik və effektiv idarəetməyə artan tələbat kimi bir sıra ciddi çağırışlarla üz-üzədir. Bu kontekstdə aydın şəkildə görünür ki, dayanıqlı icmalar dayanıqlı dövlət institutları olmadan qurula bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq vasitəsilə Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcmaların Qurulması üzrə Regionlararası Dialoqda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi, xüsusilə də "ASAN xidmət" modeli göstərir ki, idarəetmə vətəndaşların ehtiyacları əsasında formalaşdırıldıqda dövlət institutlarına ictimai etimad güclənir.
“İnzibati islahat kimi başlayan bu təşəbbüs zamanla daha geniş bir idarəetmə modelinə çevrilib. ASAN dövlət xidmətlərinin göstərilməsində daha koordinasiyalı və şəffaf yanaşma formalaşdırıb. Nəticələr isə olduqca əhəmiyyətlidir. Bu gün ASAN vətəndaş məmnuniyyəti üzrə 99 faizdən yüksək göstərici nümayiş etdirir”, - deyə şöbə müdiri vurğulayıb.