Türk professor: WUF13 ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlığın güclənməsinə mühüm töhfə verir
Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkələr arasında şəhərsalma və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Bu fikri Türkiyənin İzmir vilayətinin Berqama rayonunun bələdiyyə sədri, professor Tanju Çelik WUF13 çərçivəsində AZƏRTAC-a açıqlamasında səsləndirib.
O bildirib ki, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunması diqqəti cəlb edir. “Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbirdə iştirak etməkdən böyük məmnunluq duyuram. İlk növbədə, bizi burada qonaqpərvərliklə qarşılayan Azərbaycan dövlətinə təşəkkür edirəm. Tədbir yüksək təşkilatçılıq və peşəkar koordinasiya şəraitində keçirilir. Burada çox gözəl təşkilatlanma və ciddi nizam-intizam müşahidə olunur. İştirakçı ölkələrin özlərini təqdim etməsi üçün mühüm stendlər və təqdimatlar hazırlanıb. Bu cür beynəlxalq tədbirlər ölkələr arasında əlaqələrin və mədəni qarşılıqlı təsirin genişlənməsinə xidmət edir. Şəhərsalma sahəsində ölkələrarası kommunikasiya güclənir, mədəni əlaqələr inkişaf edir. Müxtəlif ölkələrin nümayəndələri bir-birinin təcrübəsi ilə yaxından tanış olmaq imkanı qazanır”, – deyə o əlavə edib.
Tanju Çelik vurğulayıb ki, WUF13 şəhərlərin daha müasir və dayanıqlı şəkildə inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi üçün mühüm platformadır: “Bu tədbir dünya dövlətləri və xalqları arasında güclü əməkdaşlıq və kommunikasiya şəbəkəsi yaradan beynəlxalq platforma kimi çıxış edir”.
O, Azərbaycanın regionda şəhərsalma sahəsində mühüm rol oynadığını da diqqətə çatdırıb:“Biz inkişaf edən və güclənən Azərbaycan görürük. Ölkənin hər gün daha da müasirləşdiyinin və şəhərsalma mədəniyyətinin inkişaf etdiyinin şahidi oluruq”.
Tanju Çelik qeyd edib ki, 2018-ci ildə Bakıda keçirilən beynəlxalq simpoziumda iştirak edib və ötən illərlə müqayisədə şəhərin daha da müasirləşdiyini müşahidə edir.“Hətta həmin dövrlə müqayisədə Bakının daha müasir memarlıq nümunələri ilə zənginləşdiyini görürəm. Bu, həm ölkə iqtisadiyyatının inkişaf etdiyini, həm də şəhərsalma sahəsində yeni yanaşmaların formalaşdığını göstərir”.