Turanə Əliyeva: Mənzil şəraitinin insanların həyatını necə dəstəklədiyini düşünməliyik
Bakı, 21 may, AZƏRTAC
Mənzil və sağlamlıq mövzusunda kifayət qədər diqqət yetirilməyən bir sahə var: əlçatanlıq, əlilliyin inklüzivliyi və köməkçi texnologiyaların birlikdə dayanıqlı və ədalətli şəhər inkişafının əsas hərəkətverici qüvvələri olması.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin əməkdaşı Turanə Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi: Mənzil və səhiyyə üzrə çoxsektorlu dialoq”da çıxışı zamanı deyib.
"ÜST-nin baxış bucağından yanaşdıqda, sağlamlıq dedikdə, yalnız yaşamaq və ya xəstəliklərin olmaması nəzərdə tutulmur. Bu gün ÜST sağlamlığın daha bir mühüm göstəricisini – funksionallığı tanıyır. Funksionallıq dedikdə, biz əlçatanlıqdan, iştirakdan və inklüzivlikdən danışırıq. Bu anlayış əsasdır. Əgər biz bu gün mənzil mövzusundan danışırıqsa, şəhərlərin insanlara təqdim etdiyi mənzil şəraitinin onların funksional həyatını necə dəstəklədiyini düşünməliyik. ÜST-nin mənzil və sağlamlıq üzrə tövsiyələrinə əsasən, mənzil yalnız fiziki sığınacaq deyil. O, ətraf mühit risklərindən qorumanı təmin etməli, kifayət qədər yaşayış sahəsi təqdim etməli və əlçatan olmalıdır. Bu xüsusiyyətlər seçim deyil, onlar zəruridir və insanların həyat keyfiyyətini, rifahını və cəmiyyətə inteqrasiyasını müəyyən edir", - deyə T. Əliyeva bildirib.